İçeriğe geçmek için "Enter"a basın

Erməni əsirlərin cəsədlərilə qəddar rəftarı göstərən videolarla bağlı Azərbaycanda cinayət işi açılıb

Azərbaycan orduda qəddarlıq hallarını aşkar edən, sosial mediada yayılmış videoları araşdırdığını bildirib. Videolarda cəsədlər üzərində təhqireredici və qəddar hərəkətlər törədildiyi əks olunur. Baş Prokurorluq bildirib ki, bu “qeyri-insani rəftar” Azərbaycan ordusunun bəzi əsgərlərinin cinayət məsuliyyətinə cəlb olunması ilə nəticələnə bilər.

“Bizim əsgərlərin qeyri-insani, kobud rəftarını əks etdirdiyi deyilən video görüntülərlə bağlı hazırda Baş Prokurorluqda araşdırmalar gedir. Bir çoxu saxta olsa da, bəzilərinin reallığı əks etdirməsi ilə bağlı şübhələrimiz var,” – Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə BBC News Azərbaycancaya deyib.

O bildirib ki, “buna görə də həmin görüntülərin, fotoşəkillərin hamısı araşdırılması üçün Hərbi Prokurorluğa göndərilib”.

Son günlərdə sosial mediada Azərbaycan əsgərlərinin ermənilərlə qəddar rəftarını göstərdiyi deyilən videolar yayılıb. Onlardan birində bir insanın başı kəsilir və onun bədəninin hissələrilə oynanılır. Azərbaycanca danışan səslərdən biri deyir ki, elə çəkin ki, biz (yəni hadisəni törədənlər) düşməyək. “Şəhidlərimizin qanı bax belə alınır,” – bir səs deyir.

Baş Prokurorluq bu video ilə bağlı cinayət işinə başlandığını deyib.

“Faktla bağlı cinayət işi açılıb, bu, qeyd etdiyiniz başın kəsilməsi videosu da hazırda həmin cinayət işinin çərçivəsində araşdırılır. Əgər həqiqətən sübuta yetirilərsə ki, bunu törədənlər özümüzünkülərdir, çünki doğrudan da qeyri-insani rəftar görünür orda, o zaman onların məsuliyyət məsələsi ortaya çıxacaq,” – Günay Səlimzadə bildirib.

Ötən həftə sonu Baş Prokurorluğun verdiyi bəyanatda deyilir ki, “Azərbaycanın hərbi qulluqçularının torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində aparılan döyüş əməliyyatları zamanı həlak olmuş erməni hərbçilərinin meyitləri üzərində təhqiredici hərəkətlər etmələrini, habelə əsir götürülmüş erməni hərbçiləri ilə qeyri-insani rəftarı əks etdirən videogörüntülər yayılmışdır”.

Baş Prokurorluq Azərbaycan Respublikasının vətəndaşlarını və hərbi qulluqçularını belə qanun pozuntularının yolverilməzliyi barədə “bir daha xəbərdar etdiyini” bildirib.

“Bu kimi qanunsuz əməllərə yol vermiş şəxslər müəyyən edilib məsuliyyətə cəlb edilməklə, istintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcəkdir”, – Prokurorluğun bəyanatında deyilir.

Günay Səlimzadə deyir ki, video görüntülərin “bir çoxu saxta, qurma çıxır”: “Görüntülərin bir çoxu montaj olunmuş olur. Əgər görürüksə ki, saxtadır, o heç. Yox görsələr ki, real görüntülərdir, onda həmin video görüntülərdə baş verənlər cinayət işi çərçivəsində araşdırılır”.

İstintaqın hələ təzə başladığını vurğulayan Baş Prokurorluq rəsmisi “ictimaiyyətin gedişatla bağlı məlumatlandırılacağını” açıqlayıb.

HRW Azərbaycanı “effektiv təhqiqat aparılmasına çağırıb”
Human Rights Watch (HRW) təşkilatının Cənubi Qafqaz məsələləri üzrə direktoru Georgi Gogia yayılmış videolarla bağlı “effektiv təhqiqat” aparılmasına çağırıb.

“Effektiv təhqiqat fərdi və əmr verənlərin məsuliyyətlərini müəyyənləşdirməli və cinayət məsuliyyəti daşıyanlara müvafiq qaydada ittiham elan etməlidir”, o tvitində yazıb.

O, təşkilatın videoları müstəqil olaraq təsdiqləmədiyini, lakin görüntülərin müharibə cinayətləri ola biləcəyini xatırladıb.

“Əsirlərin edam edilməsi, işgəncə edilməsi, alçaldılması və onlara qarşı pis rəftar Üçüncü Cenevrə Konvensiyasının kobud pozuntusu və müharibə cinayətləridir.”

Onun sözlərinə görə, silahlı qarşıdurma zamanı məhkəmədən kənar edam və işgəncə müharibə cinayətidir. Cəsədlərin talan edilməsi və ləyaqətə xələl gətirən digər hərəkətlər silahlı münaqişə qanunlarının pozulmasıdır və müharibə cinayətlərinə bərabər ola bilər.

“Azərbaycan hakimiyyəti cəsədlərin kəsilməsi və qanunsuz olaraq öldürülməsi də daxil olmaqla, iddia edilən bütün cinayətləri ən yüksək məsuliyyət səviyyəsinə qədər operativ, hərtərəfli, şəffaf və təsirli bir şəkildə araşdırmalıdır,” HRW nümayəndəsi qeyd edib.

Azərbaycanlı əsirlər

Bir neçə həftədir ki, sosial mediada videosu yayıldıqdan sonra axtarılan, erməni hərbçilərinə əsir düşdüyü güman edilən iki azərbaycanlı əsgər Amin Musayev və Bayram Kərimovla bağlı məlumat hələ ki, yoxdur.

İki yaralı əsgərin döyüşlərdən sonra ukraynalı jurnalist Aleksandr Xarçenko və erməni əsgərlər tərəfindən ilkin tibbi yardım göstərildiyini əks etdirən videolar yayılıb. Bunun ardınca isə onlardan birinə maşının içərisində zorakı davranıldığını göstərən video da yayılıb. Bu əsirlərin taleyi barədə hələ ki, nə Azərbaycan, nə Ermənistan, nə də Beynəlxalq Qırmızı Xaç komitəsi bir açıqlama verib.

Videoda qohumu tərəfindən Amin Musayev kimi müəyyənləşdirilmiş azərbaycanlı əsgərin maşında yerə uzanmış halda olduğu və “hara gedirik” sualı verdiyi göstərilir. Erməni əsgər olduğu güman edilən şəxs cavabında- “özünü yaxşı aparsan evə…” deyir, söyüş söyür, bundan sonra azərbaycanlı əsgərə təpik vurulduğu anlaşılır.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva BBC News Azərbaycancaya deyib ki, bu məsələ araşdırılır və aidiyyatlı beynəlxalq qurumlara çatdırılacaq.

Azərbaycan və Ermənistan arasında 44 günlük müharibə 27 sentyabrda, Dağlıq Qarabağ bölgəsində gərgin döyüşlərlə başlayıb.

Müharibəyə noyabrın 9-da Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən imzalanan və 10 noyabrdan başlayaraq Dağlıq Qarabağda atəşkəsə dair birgə bəyanatla son qoyulub.


https://www.bbc.com/azeri/azerbaijan-55044791

Yorumlar kapatıldı.